Sahibkar: “Azərbaycana yatırılan investisiyalar öz bəhrəsini verəcək” (FOTO/VİDEO)

Sahibkar: “Azərbaycana yatırılan investisiyalar öz bəhrəsini verəcək” (FOTO/VİDEO)

Azərbaycan dövləti tərəfindən yerli və xarici investorlar üçün yetərincə münbit şərait yaradılıb. Bunun bariz nümunəsi olaraq son illər ölkədə yaradılan və bu gün də yaradılmaqda olan sənaye parklarını, sənaye məhəllələrini və istehsal klasterlərini kimi göstərmək olar.

Sahibkar olmağın üstünlük və faydası

"Report”un məlumatına görə, bu sənaye parklarında rezident olan istər yerli, istərsə də xarici investorlar üçün xeyli sayda investisiya güzəştləri tətbiq edilib. Belə ki, Azərbaycandakı sənaye parklarında fəaliyyət göstərən və bu sənaye parklarının rezidentləri kimi qeydiyyata alınan sahibkar 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən) azad olurlar. Həmçinin, bu sənaye parklarında qeydiyyata alındıqdan sonra 7 il müddətinə torpaq vergisindən, 7 il müddətinə əmlak vergisindən və eyni müddətə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan da azad edilirlər.

Bu cür sənaye parklarında rezident kimi qeydiyyata alınanlar sahibkarların bir çox üstünlükləri də mövcuddur. Belə ki, bu sahibkarlar əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı, əlverişli qiymətlə torpaq və sənaye binalarının kirayəsi, vergi və gömrük güzəştlərinin tətbiqidir.



Həmçinin bu sənaye parkları magistral yola, dəmir yoluna, beynəlxalq hava limanına, dəniz limanına asan çıxışı olan çox əlverişli mövqedə yerləşir, Rusiyaya, Xəzər və Qara dəniz, Qafqaz və Mərkəzi Asiya ölkələri kimi önəmli ixracat bazarlarına yaxınlığı, həm yüksək səriştəli ixtisaslaşmış işçi qüvvəsi, həm də ucuz işçi qüvvəsi, vahid infrastruktur da mövcuddur. Bundan başqa, prosedurların sadələşdirilməsi/inzibati məsələlərin həlli üçün vahid pəncərə sistemi və ümumi xidmətlərdən yararlanmaq imkanı da yaradılıb.

Rezident olmağımıza qərar verdik və yanılmadıq

Belə bir sahibkarlardan biri, "Balaxanı Sənaye Parkı” MMC-nin rezidenti, karton tara qablaşdırma istehsalçısı Etibar Eminovdur.

E. Eminov müxbirimizlə söhbətində bildirib ki, fərdi sahibkar kimi 2001-ci ildən çalışır. 2015-ci ildən də "Balaxanı Sənaye Parkı”nda rezidentlik alıb. Ancaq 2017-ci ildən "Balaxanı Sənaye Parkı”nda fəaliyyətə başlayıb. Artıq iki ildir Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyətdədir.

Sahibkar fəxr və qürurla vurğulayır ki, bu ilin sentyabr ayında müəssisənin sənaye parkında çalışdığının tam iki ili tamam olacaq.

Deyir ki, onların "Balaxanı Sənaye Parkı”na köçməyində bir çox üstünlüklər mövcuddur və bura keçməklə nail olduqlarını və məqsədlərini də açıqlayıb: "Sənaye Parkına gəlməyimizə səbəb ilk növbədə dövlətin yaratdığı şəraitdir. Vergilərlə bağlı imtiyazlardır. Avadanlıqların ölkəyə gətirilən zaman sıfır rüsümla gömrükdən keçirilməsidir. Çox geniş və tam tələblərə cavab verən istehsalat sahəsinin olmasıdır”.

E. Eminov deyir ki, bunlar hamısı onlar üçün çox maraqlı olub: "Bunun üçün də biz rezident olmağımıza qərar verdik və yanılmadıq. Rezident olandan sonra müəssisəinin istehsal gücü 4 dəfəyə qədər artıb. İstehsalatımız tara qablaşdırma üzərində qurulub. Böyük çeşiddə müxtəlif qutular, kağız torbalar, kisələr paketlər istehsal edirik. İstehsalımız ümumiyyətlə qablaşdırmaya aiddir”.



E. Eminov deyir ki, rəhbəri olduğu müəssisə kağızdan olan məhsullar istehsal etsə də, özləri kağız tullantılarını və makulaturanı almırlar. Bildirdi ki, özlərinin istehsalatından çıxan kağız və kağız-karton tullantılarından yenidən təkrar emal edib, ondan cilid kartonu düzəldirlər: "Bizim cilid karton istehsal etmək üçün avadanlıqlarımızın gücü bizim özümüzün tullantılarına yetərincə bəs edir. Yəni öz kağız tullantılarımızı özümüz təkrar emal edib cilid kartonu olaraq yenidən istehsalatda istehsal edə bilirik. Hələki ətrafdan hər hansı makulatura almaq barədə düşünmürük. Ancaq elə xam mallar var ki, onlar respublikada istehsal olunmur. Çünki, bizdə kağız istehsal etmək üçün o qədər meşə yoxdur. İlkin olaraq xam malı xarici, əsasən MDB dövlətlərindən gətiririk”.

Əldə edilən mənfəətin 70% yenidən istehsalata qaytarılır

E. Eminov deyir ki, müəssisədə heç bir xarici iştirakçı və xarici investisiya da yoxdur. Hətta yerli şirkətlərdən belə heç bir investisiya yoxdur: "Hamısını öz gücümüz, öz vəsaitlərimiz əsasında qurmuşuq”.



Deyir ki, bütün qoyulan sərmayələr sırf olaraq istehsalatın öz gücünə həyata keçirilib və istehsalatdan əldə edilən mənfəətin 70% yenidən istehsalata qaytarılır. Bu vəsait də əsasən yeni avadanlıqların alınmasına sərf edilir”.

E. Eminov qeyd edib ki, müəssisənin istehsal etdiyi cilid kartonun respublika üzrə ortalama aylıq 100 ton tələbatı mövcuddur: "Bizim aylıq istehsalımız isə 30-40 ton arasındadır. Amma başqa bazar iştirakçılarını nəzərə alaraq, biz bazar tələbatının 20-25%-ni ödəyə bilirik. Burada söhbət özümüzün təkrar emal etdiyimiz cilid kartondan gedir”.

Müəssisə rəhbəri hələlik müəssisənin ixrac imkanlarının olmadığını da qeyd edib. Deyir ki, şirkətin istehsal etdiyi kartonlar özlərinə həmən yetir. Həm də ixrac edə biləcəkləri istehsal həcminə hələlik çatmayıblar.



Ancaq ümid edir ki, istehsal böyüsə, yeni avadanlıqlar alınsa, istehsal olunan cilid kartonları məhsullarının həcmini hətta 200 tona qaldırmaq olar: "Bu gün ölkənin bu məhsula olan tələbatı 100-120 tondursa, qalan 80 tonunu ixrac etmək mümkün olacaq. Bu gələcək perspektivin işidir və bu barədə düşünürük. Ümid edirik ki, bunu da bir zamanlar həyata keçirəcəyik”.

Ölkədə biznes şəraiti var

E. Eminov əmindir ki, Azərbaycan dövləti tərəfindən yerli və xarici investorlar üçün yaradılan şərait yetərincədir. Deyir ki, bu gün bunun sayəsində istehsallarını 4 dəfə artırıblar, işçi saylarının isə 8 nəfərdən 28 nəfərə çatması dövlət tərəfindən olunan dəstək hesabınadır.

Sahibkar vurğulayıb ki, ölkədə sənaye parkların salınması, birada vergi və gömrüklə bağlı imtiyazlar, yaradılan şərait sahibkar üçün çox önəmli məsələdir: "Biz bu dövlət dəstəyini hiss edirik. Bu gün ölkədə biznes şəraiti var”. O, bütün sahibkarlara təklif edir ki, bundan yetərincə istifadə etsinlər.

E. Eminov xarici investorlara da bir çağırış edib və onlara səslənib. Bildirir ki, Azərbaycan dinamik inkişaf edən dövlətdir. Onların bu ölkəyə qoyduqları investisiyalar özünü doğruldacaq.

"Ziyan etməyəcəklər, düşünsünlər, bazarı araşdırsınlar, burada ziyan edə bilməzlər. Azərbaycan günbəgün inkişaf edir, bura yatırılan investisiyalar da təbii ki öz bəhrəsini verəcək”.

Azərbaycanlı sahibkarlara gəldikdə isə, onlara çox işləmələrini məsləhət görüb. Deyir ki, çünki sahibkar çoxlu işləməlidir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR