Rəşad Həsənov: “Əmək pensiyalarının 15% artacağı ümidləri suya düşdü”

Rəşad Həsənov: “Əmək pensiyalarının 15% artacağı ümidləri suya düşdü”

Ötən gün əmək pensiyaları haqqında qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən növbəti ildən etibarən əmək pensiyaları orta aylıq əmək haqqının artım faizinə uyğun deyil, infilyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək.

EkoNews xəbər verir ki. bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti, iqtisadçı Rəşad Həsənov şərh edərkən bildirib.

Onun sözlərinə görə, məntiqi baxımında atılan addım doğrudur: "Çünki, pensiyaçıların gəlirlərinin artımı ilə istehlak qiymətləri indeksi arasında korelyasiyanın olması bu qrupa daxil olan insanların gəlirlərinin dəyərsizləşməsinin qarşısını alır”.
 


Xatıladaq ki, 2 il əvvəl qanuna edilən dəyişiklərlə indeksləşdirmə orta-aylıq əmək haqqının artım faizinə uyğunlaşdırılmışdı.

Ekspertin fikrincə, qanuna dəyişikliyin edilməsi böyük ehtimalla növbəti ildə DSMF-nin büdcəsində yarana biləcək xərc yükünün qarşısının alınmasına hədəflənib: "Çünki, bir neçə sosial paketin təsdiqlənməsi 2019-cu ildə orta aylıq əmək haqqının ciddi səviyyədə (təxminən 10-15% arası) artacağını proqnozlaşdırmaq imkanı yaradırdı. Görünür bu hal hökumətin maraqlarına uyğun deyil.

Müsbət tərəflərinin olması ilə yanaşı dəyişikliyin aşağıdakı neqativ tərəfləri də vardır:

1. Əmək pensiyaları haqqında qanuna tez-tez dəyişikliyin edilməsi pensiya sisteminin güvənirliyini zəiflədir və sonucda insanların uzunmüddətli dövr üçün planlaşdırma tələb edən pensiya təminatı haqqında ümidlərini zəiflədir. Aşağıdan yuxarıya yəni işçidən işəgötürənə əməyin qanuniləşməsi tələbi zəifləyir, yığım üçün (məcburi sosial sığorta ödənişi) maraq azalır, illeqal əmək bazarı təşviq olunur.

2. Pensiyaçıların 2020 ümidləri xəyal oldu. Bir neçə həftə əvvəl ƏƏSMN-nin rəhbəri Sahil Babayev pensiyaçılara müjdə verərək növbəti ildə pensiyaların təxminən 15% indeksləşdiriləcəyi xəbərini vermişdi ki, bu da insanların sevincinə səbəb olmuşdu. Yeni dəyişikliklə bu gözləntilər suya düşdü. Çünki, 2019-cu ildə infilyasiya səviyyəsinin 3 faiz ətrafında dəyişəcəyi proqnozlaşdırılır. Başqa sözlə pensiyalar ən yaxşı halda 3 faiz artacaq.

3. Qanunun icrası üçün ictimai hazırlıq müddəti təmin edilməyib və yeni qaydalarla indeksləşdirmə ilk indeksasiyaya aid edilir.

4. Bu kimi sosial əhəmiyyəti yüksək olan qanunlar heç bir ictimai müzakirə olmadan edilir ki, bu zaman steykholderlərin fikirləri nəzərə alınmır.

Göründüyü kimi qanuna dəyişiklik orta və uzunmüddətli dövr üçün pozitiv təsirlər yaratsa da qısamüddətli dövr üçün neqativ effekti olacaq. 4 ay sonra pensiyalar gözləntilərin xeyli aşağısında artacaq. Məsələn 300 manat pensiya alan 2020-ci ilin yanvarından etibarən 330-345 manat pensiya ala bilərdi ki, hazırki dəyişikliklə müvafiq pensiya həddi ən yaxşı halda 309 manat olacaq.

Qanuna dəyişiklər zamanı neqativ təsirlərin zəiflədilməsi üçün aşağıdakılar nəzərdə tutulmalı idi:

1. Daha yaxşı olardı ki, qanunun müvafiq bəndi üzrə dəyişiklik 2021-ci ilin yanvarından tətbiq edilsin. Bu hal ən azından pensiyaçıların 2020-ci il üçün gözləntilərini puça çıxarmazdı.

2. 2018 və 2019-cu illər üçün yenidən indeksləşdirmə aparıla bilərdi ki, bu da xüsusi ilə 2017-ci ildə baş vermiş yüksək infilyasiyanın pensiyaçıların alıcılıq gücünə mənfi təsirini zəiflədə bilərdi.

O bildirib ki, indiki halda isə belə qənaətə gəlmək olar ki, hökumət fürsətçilik edir: "Hansı indikator (infilyasiya yaxud əmək pensiyalarının artım faizi) sərf edirsə tez qanunu dəyişib indeksləşdirməni o göstəriciyə uyğun aparır. Bu isə qəbuledilməzidir. Maraqlısı isə odur ki, qeyd edilən istiqamətdə dövlət siyasətini həyata keçirən qurumun rəhbəri belə bir qanunun hazırlanmasından necə xəbərsiz olub? Əks halda məlum bəyanatı səsləndirməzdi”.
 
Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR