Lizinqlə əmlak əldə etmə və riskləri - Ekspert

Lizinqlə əmlak əldə etmə və riskləri - Ekspert

"Lizinqlə siz hər hansı əmlak əldə etdiyiniz zaman həmin əmlakdan yalnız istifadə hüququ, icarə hüququ əldə edirsiz. Lizinq şirkətləri əmlak əldə edir, mülkiyyətinə keçirir və daha sonra da müəyyən müddət üçün (adətən 3 ildən artıq olur) lizinq alana istifadəyə verir".
 
EkoNews xəbər verir ki, bu sözləri vəkil Roman Qaraşov deyib.
 
Vəkilin sözlərinə görə, əgər müəyyən edilmiş müddət ərzində ödənişlər vaxtında edilərsə, siz həmin əmlaka müddətin sonunda mülkiyyət hüququ əldə edirsiz.
 
Lizinq nədir?
 
Lizinq hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir.  Lizinq müqaviləsinin tərəfləri mütləq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. Lizinq yolu ilə təkcə avtomobil deyil, istənilən növ daşınar və ya daşınmaz əmlak əldə etmək mümkündür. Kredit müqaviləsindən fərqli olaraq lizinq zamanı kredit tarixçəsi, gəlirlər barədə ətraflı məlumata ehtiyac yaranmır, daha asan rəsmləşdirmə qaydaları tətbiq edilir.

 
Vəkil onu da qeyd edib ki, lizinq müqaviləsi bağlayarkən bilməlisiniz ki:

1. Lizinqlə aldığınız avadanlıq, avtomobil və digər istənilən əmlak sizin deyil. Siz həmin əmlakın müvəqqəti istifadəçisisiniz

2. Əgər ödəmələri vaxtında etməsəniz, həmin əmlaka dair bütün hüquqlardan məhrum oluna bilərsiz

3. Hər bir lizinq müqaviləsində müqaviləyə xitam verilməsi üçün müddət müəyyən edilir. Məsələn, ardıcıl 2 ay ödəmələr həyata keçirilməsə, müqaviləyə xitam verilir. Göründüyü kimi, ödəmələrin davamlı olmasına ciddi şəkildə riayət etməlisiniz, əks təqdirdə ödədiyiniz bütün vəsaiti itirə bilərsiz

4. Lizinqlə əldə etdiyiniz əmlakdan doğru-düzgün, təyinatına uyğun istifadə etməlisiniz. Əgər əldə etdiyiniz əmlaka laqeyd münasibət bəsləsəz, onun qəsdən sıradan çıxmasına şərait yaratsaz, həmin əmlakı geri qaytarmağa və ödədiyiniz məbləğin itirilməsinə səbəb olacaqsız

5. Lizinq verənin razılığı olmadan əmlakın dəyərini artıracaq heç bir iş görməyin, əlavə vəsait xərcləməyin. Çünki siz ödəmələri vaxtında etməsəz, əlavə xərclədiyiniz vəsait də əlinizdən çıxmış olacaq. Lakin qarşılıqlı razılıqla həmin əmlakın dəyərini artıracaq hərəkətlər etsəniz, çəkidiyiniz razılaşdırılmış xərcləri tələb edə biləcəksiz

6. Lizinq müqaviləsi kredit müqaviləsi deyil. Lizinqi kreditdən fərqləndirən üstün cəhətlərindən biri də bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Məsələn, siz hər hansı bir avadanlığı almaq üçün bankdan nağd olaraq pul götüməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaq. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə əldə etdiyiniz krediti, banka ödəməli olacaqsınız

7. Bu misal sizə lizinqin mahiyyətini anlamaqda kömək edəcək. Əslində "rent a car” da lizinqin bir növüdür. Daha doğrusu lizinqin qısa müddətli növüdür, renting adlanır. Bu zaman siz nəqliyyat vasitəsini qısa müddətə istifadə götürürsüz, istifadə edirsiz, bunun üçün haqq ödəyirsiz, istismara yararlı vəziyyətdə geri qaytarırsız. Lizinqdə də əgər ödənişlər müddətin sonunadək davam etdirilməsə əmlak heç bir haqq tələb edilmədən geri təslim edilir

8. Yəni hər bir halda ümumi ödəniləcək yekun məbləğə, ödəniş qrafikinə, əmlakın saxlanma xərclərinə, sığortaya dair bütün müddəalara lizinq müqaviləsi bağlanarkən diqqət yetirməlisiz, əks təqdirdə arzuolunmaz nəticələrlə qarşılaşa, xeyli miqdarda vəsait itirə, maddi və mənəvi ziyan çəkmənizlə nəticələnə bilər
 
Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR