Kimlər sadələşdirilmiş vergidən istifadə edə bilər? – TƏKLİF

Kimlər sadələşdirilmiş vergidən istifadə edə bilər? – TƏKLİF

Bu ildən yalnız mikro-sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər.
 
Bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir:

"Fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur. Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro-sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro-sahibkarlar hesab olunmurlar. Qərarda mikro- sahibkarların təsnifatı üçün "1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır”.

İqtisadçı qeyd edib ki, mikro-sahibkarlıq subyektləri ilə bağlı bölgü beynəlxalq standartlara da uyğun deyil:

"Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan sahibkarlıq subyektləri "mikro” hesab olunur. Yəni işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı "1” rəqəmindən istifadə olunmur. Bu baxımdan təklif edirik ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar "mikro” hesab olunsun. Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq”. //Axar.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR