İqlim dəyişikliyi Azərbaycanı da

İqlim dəyişikliyi Azərbaycanı da "vurdu": insanlar üzərində də stres amili güclənib

Ekspert: "Həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər"
 
"2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişiklikləri ilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salıb, iyunun sonu - iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açıb”.

EkoNews xəbər verir ki, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli öz "Facebook” səhifəsində yazıb.

O bildirib ki, adətən iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvəllərindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdı: "Lakin göründüyü kimi, iyulun birinci yarısını başa vursaq da, məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayiət olundu”.

Onun sözlərinə görə, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı, insanlar üzərində də stres amilini gücləndirir:

"Son günlər hamı bir-birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya oluna bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirir”.

Ekspert deyib ki, Avropa Meyvə-Tərəvəz İstehsalçıları Assosiasiyası olan "Ardo"nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir: "Qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb.

Bu il qış fəsli təqvimə "tabe olmayıb", xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu, bölgələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayiət olunur”.
"Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayiət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək", - deyə o yazıb.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR