İcbari tibbi sığortaya tam keçidin şərtləri
07 Yanvar, 14:12   |    Baxış sayı: 54

İcbari tibbi sığortaya tam keçidin şərtləri

"Bu il Azərbaycanda icbari tibbi sığortaya keçid üçün yekun və həlledici il olacaq”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O bildirib ki, icbari tibbi sığortanın maliyyə və təşkilati-hüquqi əsaslarının yaradılması, sistemin kadr təminatı, tibb müəssisələrinin attestasiyası, ilkin tibbi xidmət göstərən ailə həkimi institutunun yaranması, icbari tibbi sığorta fondunun formalaşması və s. iqtisadi-hüquqi, təşkilati münasibətlərin tənzimlənməsi üçün geniş hüquqi baza yaradacaq mövcud qanuna əlavə və dəyişikliklərin qəbul olunması çox əhəmiyyətlidir.
 
Komitə sədri əlavə edib ki, "Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunması ölkədə icbari tibbi sığortaya tam keçidin reallaşması üçün çox önəmlidir.
 
Xatırladaq ki, "Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliyə əsasən, xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər. //Report