Evlərin qiymətlərinin bazar dəyərinə uyğunluğunu öncədən öyrənmək mümkün olacaq

Evlərin qiymətlərinin bazar dəyərinə uyğunluğunu öncədən öyrənmək mümkün olacaq

Azərbaycanda vətəndaşlara almaq istədikləri evlərin qiymətlərinin bazar dəyərinə uyğun olub-olmadığını əvvəlcədən öyrənmək imkanı yaradılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu məlumatı "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidməti vasitəsilə əldə etmək mümkündür.

Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə etmək istədikləri ərazidə evlərin bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə bilir.

Bunun üçün vətəndaş komitənin "Elektron xidmətlər” portalındakı 9-cu xidmət pəncərəsinə keçid alır. Daha sonra əmlak haqqında məlumatlar daxil edilir. Belə ki, ilk olaraq əmlakın yerləşdiyi rayon, qəsəbə, küçə daxil edilir. Eyni zamanda bazar qiymətinin hansı tarix aralığı üzrə olmasını seçir. Məsələn, vətəndaş 2019-cu ilin yanvar-avqust aylarını seçməklə bu tarixlərdəki mənzillərin bazar dəyərini öyrənə bilir. Daha sonra istifadəçi elektron qaydada 10 manat məbləğində xidmət haqqını ödəməklə nəticəni əldə edir.

Nəticədə isə həmin ərazidə olan alqı-satqısı aparılan mənzillərin ətraflı olaraq məlumatları əks olunur. Belə ki, satılan mənzillərin siyahısı, tikildiyi tarix, o cümlədən satış tarixi göstərilir. Həmçinin mənzillərin sahəsi və otaq sayına uyğun olaraq da qiymət dəyişir. Burada 1, 2, 3 və daha çox otaqlı mənzillərin bazar qiymətini görmək olar. Adıçəkilən elektron xidmət vasitəsilə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR