Ərini öldürmək üçün kredit götürdü, əməliyyatçılar belə yaxaladı - VİDEO
07 Noyabr, 12:57   |    Baxış sayı: 81

Ərini öldürmək üçün kredit götürdü, əməliyyatçılar belə yaxaladı - VİDEO

Rusiyanın Kuban şəhərində 59 yaşlı qadın 52 yaşlı ərini öldürmək üçün killer tutub və pulu kreditlə ödəyəcəyini vəd edib.

Qaynarinfo lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Krasnodar vilayətinin Araşdırma Komitəsinin rəhbəri Natalya Smyatskaya məlumat verib.

"Qadın ailə münasibətlərindən yorulduğunu əsas gətirərək, ərini öldürmək üçün dostundan killer tapmağını istəyib. Dostu da qadının niyyətinin ciddi olduğunu gördükdən sonra razılaşıb, lakin bu barədə hüquq mühafizə orqanlarına da məlumat verib. Qadınla görüşə killer əvəzinə polis əməliyyatçılarından biri gedib və bütün danışıqlar videoya çəkilib", - deyə Smyatskaya bildirib.

Qadın "killer"lə görüşdə həyat yoldaşını öldürməsi qarşılığında ona 10 min rubl (təxminən 257 manat) beh verib və iş bitdikdən sonra da evini və maşınını sataraq pulun qalan hissəsini ödəyəcəyini söyləyib.

Daha sonra cinayət səhnəsi canlandırılıb və oktyabrın 28-də qurbanın ölümünə dair saxta fotoşəkillər qadına təqdim edilib. Ərinin öldüyünü düşünən qadın VAZ-21120 model avtomobilini notariat yolu ilə killerə bağışladıqdan sonra həbs olunub.