Bəzi vergi ödəyicilərinə böyük güzəştlər ediləcək
23 Oktyabr, 17:39   |    Baxış sayı: 613

Bəzi vergi ödəyicilərinə böyük güzəştlər ediləcək

Gələn il muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar həyata keçiriləcək.

Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.

"2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, - büdcə zərfində qeyd olunub.

Sənəddə göstərilir ki, islahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda, gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

©Report