Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib
23 Oktyabr, 14:42   |    Baxış sayı: 178

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

"Daha bir beynəlxalq qurum (Cable, Cable.co.uk ) bir sıra tanınmış təşkilatlarla əməkdaşlıq çərçivəsində dünyanın 200 ölkəsi üzrə orta internet sürətlərini ölçüb. Məlum olduğu kimi bizdə genişzolaqlı internetlə bağlı ciddi problemlər var. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu araşdırmada  2.52 Mbps orta internet sürəti ilə 135-ci pillədədir. MDB-də yalnız Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstandan irəlidədir. Araşdırmaçılar ötən illə müqayisə də aparıblar.Azərbaycan orta internet sürətinə görə ötən illə müqayisədə 33 pillə geriləyib. Dünya üzrə örta sürət 9.1 Mbps-dir, ötən il 7.4 Mbps olub. Avropa üzrə orta internet sürəti 46 Mbps olub."

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert eyni zamanda yaxın gələcəkdə məsələnin həllini tapacağına da ümid etdiyini vurğulayıb:

"Bir müddət öncə mən bu mövzuya toxunmuşdum. 5 il bundan öncə Azərbaycanda bu problemi aradan qaldırmaq üçün 0.5 milyard manatlıq "Hər evə optika ” adlanan Dövlət Proqramı hazırlanmışdı. Son anda, obyektiv və subyektiv səbəblərdən hökumət , hətta büdcədə nəzərdə tutulmağına baxmayaraq, bu vəsaiti keçmiş RYTN-ə ayırmaqdan imtina etdi. Amma ölkədə genişzolaqlı internet problemi də həll olunmamış qaldı. Hazırda isə Nazirlik yalnız özü fiber optik infrastrukturun qurulması ilə məşğuldur. Özəl qurumlar yaxın buraxılmır. Hesablamalar göstərir ki, bu gedişlə, Nazirliyin öz resursları ilə dünya üzrə orta göstəricilərə çatmağımız üçün bizə təxminən 20-30 il lazım olacaq. Ümid edirəm bu problemi aradan qaldırmaq üçün NRYTN normal bir Proqram hazırlayıb, hökumətə təqdim edib vəsaitlər əldə edə və bütün maraqlı tərəflərlə birgə əməkdaşlıqla bu problemi həll edə biləcək".