AQC beynəlxalq təşkilata tam hüquqlu üzv olmağa hazırlaşır
08 Noyabr, 16:03   |    Baxış sayı: 18

AQC beynəlxalq təşkilata tam hüquqlu üzv olmağa hazırlaşır

Azərbaycan Qiymətlədiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına (BQŞS) tam hüquqlu üzv olmaq niyyətindədir.

 

EkoNews xəbər verir ki, bu məqsədlə də noyabrın 9-10-da Gürcütanın paytaxtı Tbilisidə Şuranın "Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə” İdarə Heyətinin üzvü Corc Badesku ilə AQC sədri Nüsrət İbrahimovun rəhbərliyi ilə nümayəndə heyətinin görüşü olacaq. Görüşdə Azərbaycanın BQSŞ-da assosiativ üzvlükdən tam hüquqlu üzvə keçirilməsi ilə bağlı tələblər öyrəniləcək, bu sahədə mövcud vəziyyət və görüləcək işlərlə bağlı məlumat veriləcək.

 

Corc Badeskunun məruzəçiliyi ilə Gürcüstan və Azərbaycan qiymətləndirici-mütəxəssisləri üçün seminar da təşkil ediləcək. Seminar 36 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartı "Aktivlərin qiymətdən düşməsi” (İAS 36) və 3 nömrəli Maliyyə Hesabatının Beynəlxalq Standartı "Müəssisələrin birləşməsi” zamanı qiymətləndirmənin həyata keçirilməsi metodikası, bu sahədə beynəlxalq təcrübəyə həsr olunacaq.

 

Seminarda AQC sədri Nüsrət İbrahimov, İdarə Heyətinin üzvü Ramil Osmanlı, üzvlər Rəşad Əliyev və Ramil Qasımzadə iştirak edəcək. Seminar çərçivəsində Azərbaycanın qiymətləndirici ekspertlərinə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının sertifikatları təqdim ediləcək.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstan Müstəqil Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyəti ilə görüşləri keçiriləcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə maraqlar çərçivəsində layihələrin icrası ilə bağlı müzakirələr aparılacaq.