2019: dollar/manat kursunda gözləntilər və risklər
02 Yanvar, 11:50   |    Baxış sayı: 1088

2019: dollar/manat kursunda gözləntilər və risklər

2019-cu ildə devalvasiya olacaqmı? Dolların kursu neçə olacaq və sair. Son vaxtlar həm oxucular, həm də jurnalistlər tərəfindən tez-tez verilən və hamını maraqlandıran suallar. Əvvəla, hər hansı bir ciddi iqtisadçının konkret olaraq 2019-cu ildə dolların kursu ciddi bir şəkildə dəyişəcək və ya dəyişməyəcək deməsi doğru olmaz və ən azı qeyri-ciddilik olar. Devalvasiya demədim. Çünki, üzən məzənnə, sabit fiksasiya olunmuş məzənnə, bu məzənnələrdə kurs dəyişiklikləri necə baş verir fikirləri və terminologiyası bu məqalənin mövzuları deyil və vaxt aparar. Nəzərə alsaq ki, dolların kursu bir çox amillərdən asılıdır, o halda sadəcə kurs dəyişəcək və ya dəyişməyəcək sualı doğru olmaz. O səbəbdən sualları belə qoyaq: dolların kursunun dəyişməsini şərtləndirən amillər hansılardır? Kursun kəskin dəyişmə ehtimalı əgər azdırsa niyə azdır və ya çoxdursa niyə çoxdur?

2018-ci ilin 11 ayı ərzində ölkədən ixrac 17.9 milyard dollar, ölkəyə idxal isə 10.3 milyard dollar həcmində olmuşdur. Müsbət xarici ticarət saldosu 7.6 milyard dollardır. İxracın 91%-ni neft, neft məhsulları və təbii qaz təşkil edir. Burada bir haşiyə çıxım ki, dolların kursunun artması ixracı dəstəkləyəcək fikri neftə və qaza aid deyil. Bu səbəbdən, bu məqalədə neft və qazın dollar/manat kursundan asılı olmayaraq dünya bazarlarında qiymət dəyişikliyinə məruz qalmamasını, bu sahədə satış probleminin olmamasını, kursun dəyişməsinin onların həcminə təsir etməyəcəyini nəzəra alaraq ümumi ixracda payı 81.6% payı olan xam neft və 7.01% olan təbii qazı ixracın dəstəklənməsi və genişlənməsi konteksində nəzərə almayacağıq.  Məlumdur ki, bir ölkədə valyutanın kursuna yalnız idxal-ixrac əməliyyatları təsir etmir. Bu kursa ən çox təsir edən amil tədiyyə balansıdır. Burada cəlb olunan və qoyulan xarici investisiya, ödənilən/alınan faizlər, xidmət idxalı/ixracı və sair amillər əks olunur. Beləliklə, milli valyutanın kursuna əsas təsir edən amil xarici valyuta axınıdır.  2018-ci ilin ilk 9 ayında bu rəqəm də müsbətdir: 5.1 milyard dollar. Bunun da yaranmasında neft qiymətlərinin payı çox yüksəkdir. Deməli, həm xarici ticarət, həm də tədiyyə balansında bir məhsulun-neftin payı həlledicidir. (tədiyyə balansı və xarici ticarət saldosu eyni yanaşma deyil. Biri müsbət, digəri mənfi də ola bilər. Birində müsbətə səbəb olan məhsul, digərində yüksək rol oynamaya bilər. Məhz ölkə siyasətinin strategiyasını şərtləndirən əsas amillərdən birincisi bu iki fərqli balansın dərin təhlilidir). Qısası, məhz hər 2 balansda neftin payı yüksək olduğu üçün milli valyutanın kursunun formalaşmasında neft qiymətləri həlledici faktordur. 2019-cu ildə neft qiymətlərini şərtləndirən amillər barədə bir neçə gün öncəki müsahibəmdə ətraflı toxunduğum üçün neftin qiyməti enərsə yaranan riskləri yumşalda biləcək və davamlı olaraq inkişaf etdirilməsi vacib olan digər sahələrə nəzər salaq.

Neft sahəsindən sonra yüksək potensialın olduğu ikinci sahə turizmdir. Bir çox ölkələrin iqtisadiyyatında turizm əhəmiyyətli paya malikdir. 2019-cu ildə turizmin artım səviyyəsi neftdən sonra manatın kursuna təsir edəcək əsas faktorlardan biridir. Turizm sahəsi həm də son 3 ildə digər sahələrə nisbətən ən müsbət göstəricilərə malik olan sahədir. Ölkə müəyyən dərəcədə təcrübə əldə etdi, sektor formalaşmağa və ciddi inkişaf etməyə başladı. Ölkə rəhbərliyinin vizaların verilməsində sadələşdirmələrlə bağlı atdığı addımlar və yüksək səviyyələrdə keçirilən beynəlxalq tədbirlər də öz həlledici rolunu oynadı. Lakin, potensial yenə də yüksəkdir və görüləcək işlər çoxdur. Həlledici amillərdən birinin vizaların verilməsi olduğunu nəzərə alaraq, ölkələri risk dərəcələri, reytinqləri üzrə qruplaşdırmaq və vizaların verilməsini reytinqlə uyğunlaşdırmaq olar. Başqa bir variant, Avropa ölkələrinə Şengen vizasının əks variantını (güzgü effekti) tətbiq etməkdir.  Ölkədəki sabitlik və təhlükəsizlik sahəsində olan orqanların kifayət qədər peşəkar fəaliyyəti bu sahədə risklərin yüksək olmadığını göstərir. Burada diqqət edilməli vacib məsələ xidmət səviyyəsidir. Digər məsələ isə 2-3-4 ulduzlu hotellərin əhatə dairəsini genişləndirməkdir. 2019-cu ildə Avropa ölkələri və Rusiyadan (rublun kursu kəskin enməsə) turist axınının daha da artacağına inanıram. Lakin, bu ölkələrdən gələn turistlər daha yüksək xidmət tələb edir və hər hansı neqativ halla qarşılaşdıqda daha kəskin reaksiya verir və məlumatı daha aktiv yayırlar. Turizmin ümumiyyətlə iqtisadiyyatda, ayrı-ayrılıqda isə əhalinin nominal gəlirlərin artmasında, tədiyyə balansında, xidmət sektorlarının, regionların inkişafında rolu düşündüyümüzdən qat-qat çoxdur. Bu sahənin 2019-cu ildə daha da genişlənməsi manatın kursuna ola biləcək təzyiqlərin yumşalmasında həlledici olmasa da, böyük rollardan birini oynayacaq.

Əmək haqqının hesablanması üçün kalkulyator (2019)-YENİ
Kənd təsərrüfatı sahəsində ciddi addımlar atılır. Nəticələr barədə danışmaq hələ tezdir. Atılan bir sıra addımlar öz müsbət nəticələrini göstərəcək, bəzi atılan addımlarda isə risk payı nisbətən yüksəkdir. Həmin addımların icra vəziyyətləri və nəticələr davamlı olaraq nəzarət altında olmalıdır. Çünki, hər hansı əks-effekt bu sahədə ciddi mənfi nəticələr doğura bilər. Görülməli işlər çoxdur. Ümumilikdə isə, xüsusilə daxili bazarın qorunması istiqamətində atılmış addımlar təqdirəlayiqdir və öz bəhrəsini verəcəkdir.

Qısaca qeyd etmək istərdim ki, istehsal olunan tikinti materiallarının, kimya sənayesi sahəsində brendləşmə imkanları olan məhsulların və digər məhsulların (məsələn, mühərrik yağlarının və sair) istehsalı və ixracının genişləndirilməsi önəmlidir və biz ixrac deyərkən təkcə kənd təsərrüfatı məhsullarının deyil, həm də bu məhsulların ixrac tendensiyalarını davamlı ölçməliyik.

İndi isə əsas sual: doğrudanmı dolların kursunun artması ixracı dəstəkləyən faktor ola bilər? Nəzəri və praktik olaraq bu belədir. Ucuz valyuta turizm və ixracı dəstəkləyir və genişləndirir. Valyuta müharibələrində də əsas amillərdən birincisi budur. Lakin, Azərbaycanda bu məsələnin qoyuluşu zamanı biz idxal-ixrac mallarının tərkibini ciddi təhlil etməliyik. Birincisi, manatın kursunun aşağı düşməsi ixracda payı 81.6% olan xam neftin və 7.01% paya malik olan təbii qazın ixracını genişləndirməyək, stimullaşdırmayacaq. Yəni, həcm dəyişmir və dəyişməyəcək. Neft məhsulları da daxil olmaqla qalan 11.39 ixracın təşviqi məsələsi qalır. Burada ixrac potensialının ciddi təhlilindən sonra demək olar ki, kurs dəyişikliyi bu ixracı genişləndirəcək, yoxsa yox. İxrac edilən mal dollara satıldığı üçün malın həcmi artmalıdır ki, daxil olan dolların da həcmi artsın. Həcm artımı üçün nə qədər potensial var? Burada digər bir yanaşma və risk də var. Hər hansı bir ölkə dolların kursunun dəyişməsi məsələsində təkcə ixracın genişləndirilməsi amilini nəzərə almır, həm də ixrac etdiyi ölkələrin valyutalarının kurslarındakı dəyişiklikdən asılı olaraq heç olmasa mövcud ixrac səviyyəsinin aşağı düşməməsinə nail olmağa məcburdur. Yəni, elə bir vəziyyət yarana bilər ki, biz təkcə ixracı artırmaq yox, həm də mövcud səviyyəni saxlamaq üçün kurs dəyişikliyinə gedə bilərik. Bu da ən çox rublun kursuna bağlıdır. Əgər rublun kursunda (rublun kursuna hazırda neftin qiymətindən daha çox Rusiyadan xaricə kəskin maliyyə axını mənfi təsir edir) kəskin eniş olarsa, bizim həm ixraca mənfi təsir edər, həm də daxili istehsala (ucuz Rusiya malları ölkəyə daxil olur və bu halda həlledici amil gömrük siyasəti olar). Qısası, manatın kursunun bundan sonra ixracın genişləndirilməsində nə qədər rol oynaması ciddi təhlil və araşdırmalar tələb edir və bu amil indilik o qədər də yüksək deyil, lakin qonşu ölkələrin (xüsusilə, Rusiyanın) valyutalarında ciddi çöküşlər ən azı mövcud ixracın səviyyəsinin saxlanması üçün həlledici amillərdən birinə çevrilir. Bu məsələdə isə digər qeyd etdiyim tədbirlər əhəmiyyətli ola bilər.

Bir ölkə milli valyutasını ucuzlaşdırarkən (və ya ondan asılı olmadan ucuzlaşanda) təkcə ixraca baxmır, həm də idxal məhsullarına və hansı idxal məhsullarının daxili istehsalla əvəzlənmə imkanlarına baxır. Burada ən önəmli faktorlardan biri də ölkə daxilində istehsal olunan məhsulların komponentlərinin idxal səviyyəsidir. Məsələn, bir məhsulun istehsalı zamanı istifadə olunan xammalın 60-70%-i idxal olunursa, kursun enməsi həmin məhsulun qiymətini ən azı 80-90% artıracaq (burada əmək haqları, inflyasiya və digər amillər də var). Əgər bir məhsul sırf ölkədə istehsal olunan xammaldan əldə olunursa və ya komponentlərində idxalın payı aşağıdırsa, kursun enməsi minimum və ya nisbətən az təsir göstərəcək və həmin məhsulun ixracını stimullaşdıracaq. Biz ölkə daxilində məhsulların istehsalı zamanı istifadə olunan xammal və yarımfabrikatların idxal həcminə və həmin idxalın məhsulun maya dəyərindəki payına ciddi fikir verməli və təhlil etməliyik.

Xüsusilə ərzaq məhsullarının yuxarıda qeyd olunan yanaşma ilə təhlili idxal olunan xammalın payının yüksək olduğunu göstərir. Bu səbəbdəndir ki, manatın kursu düşərsə həmin məhsulların maya dəyəri artacaq, qiyməti artacaq və yenə də rəqabətə davam gətirməyəcək. Düşünürəm ki, manatın kursunun enməsi ilə ölkə daxilində istehsal olunan məhsulların ixracının genişlənməsi arasındakı nisbətən aşağı əlaqənin səbəblərindən biri də budur.

Deməli, dolların kursunun artması hətta daxildə istehsal olunan bir çox məhsulların qiymətinin artması ilə nəticələnəcək. Bu da ciddi problemlər və daha yüksək inflyasiya (yəni, inflyasiyaya təkcə idxal olunan hazır məhsullar deyil, ölkə daxilində istehsal olunan məhsullar da ciddi təsir edəcək) təzyiqləridir. Ölkə daxilində yetişdirilən və istehsal olunan məhsullar üzrə dəyər zəncirinin artırılması vacibdir. Bu sahədə görülməli işlər çox olduğundan indilik istehsal olunan və ixrac olunan məhsulların ixracdakı payı yüksəyə qalxa bilmir.

Yavaş-yavaş dirçəlməkdə olan maliyyə sektoruna təzyiq güclənər. Xüsusilə, xarici valyutada verilən kreditlərdə problemlər daha da artar. Kənd təsərrüfatı texinakasının qiymət artımı isə (dolların kursu qalxarsa bu labüddür) bu sahədə çətinliklər yarada bilər.

Qeyd etdiyim və etmədiyim bir çox amillər ölkədə manatın kursunun sabit qalacağını və ya ciddi dəyişikliyin olmamasını şərtləndirir. Çünki, kursun ciddi dəyişməsinin zərəri xeyrindən qat-qat çox olar. Lakin, bu kursun məhz bir nöqtədə qalması da vacib deyil. Hər il 3-5 faizlik dəyişiklik istisna deyil. Burada əsas risk ajiotaj riskidir. Bunun da öncədən il sonuna nəzərdə tutulan hədəf kursu (inflyasiya göstəricisi kimi) açıqlamaqla qarşısını almaq mümkündür.

Bütün qeyd olunanları nəzərə alsaq, neftin qiymətində uzunmüddətli ciddi eniş olmasa manatın kursunun ciddi dəyişməsi ehtimalının çox aşağı olduğunu görürük. Rusiya rublunun kəskin çöküşü (ehtimal yüksək deyil) xüsusilə kənd təsərrüfatı məhsullarımızın ixracına mənfi təsir edər, idxalı isə artırar. Lakin, burada vəziyyətdən asılı olaraq müxtəlif tədbirlərlə (gömrük siyasəti, ixrac bazarının şaxələndirilməsi, ixraca dotasiyalar və sair) bu riskləri yumlaştmaq olar.
 
Elman Sadıqov / İqtisadçı-ekspert