1.4 milyard dollar sərvəti olan azərbaycanlı (FOTOLAR)
31 Avqust, 13:07   |    Baxış sayı: 1415

1.4 milyard dollar sərvəti olan azərbaycanlı (FOTOLAR)


"Forbes” jurnalı Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun sərvətini açıqlayıb. 

EkoNews-un verdiyi xəbərə görə, "Nortqaz” şirkətinin eks-rəhbəri hazırda 1,4 milyard dollarlıq varidata sahibdir. O, Rusiyanın ən zəngin adamlarının siyahısında 69-cudur.

"Forbes”in 2016-cı ildə açıqladığı rəqəmlərdə Əhmədovun 1,44 milyard dollar sərvəti olduğu bildirilirdi. Amma 2017-ci ildə onun sərvəti 1.29 milyarda qədər düşmüşdü. Bir müddət əvvəl açıqlanan rəqəmlərə görə isə, milyarder yenidən sərvətini 1,4 milyard dollara qədər artırmağa nail olub.

15 sentyabr 1955-ci ildə Azərbaycanın Göyçay rayonunda anadan olan F.Əhmədov 15 yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

1987-ci ildə "Tansley Trading” şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. "Transley Tradinq”in tərəfdaşları arasında "Qazprom” kimi nəhəng şirkətlər var idi. Şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olurdu.

Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə "Amoso Eurasia” və "McDermott” kimi nəhəng şirkətləri cəlb edib.

1993-cü ildə "Transley Tradinq”in adı dəyişdirilərək "Farko Qrup” olub. "Farko Qrup” Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alıb. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz” şirkətinin Direktorlar şurasının üzvü olub. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayıb. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz”ın prezidenti vəzifəsindən könüllü istefa verib.

Paralel olaraq Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olmağa başlayıb. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında "Neft-qaz üfüqləri” jurnalının naşiri olub.

Sahibkar bu məqsəd üçün Azərbaycanda yerləşən, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə "AzNar” adlı kiçik zavodu satın alıb.